Ermənistanla Moskva arasında dərinləşən diplomatik soyuqluğun fonunda Rusiya sərhədlərini keçmək üçün gözləyən Ermənistan nömrəli TIR-ların sayı da durmadan çoxalır. Artıq iş o həddə çatıb ki, onlarla yük maşınını sərhəddə ilişib qalmasına çarə axtaran Ermənistan Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında fövqəladə danışıqlara başlayıb.
Hafta.az-ın “Armenpress”ə istinadən yazdığına görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib: “Qəribədir ki, bizim qaydalarda və ya təchizatçıların məhsullarının keyfiyyətində heç bir dəyişiklik edilmədiyi halda, bir il ərzində 35 yük maşını, sonra isə cəmi iki gün ərzində daha 35 yük maşını sərhəddən geri qaytarılıb”.
Kerobyan bildirib ki, yaxın iki gün ərzində məsələ ilə bağlı təcili məsləhətləşmələr aparılacaq.
Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Təşkilatı Ermənistandan idxal edilən kənd təsərrüfatı məhsullarında sanitar qayda pozuntularının kəskin artdığını qeyd edib.
Ermənistan ixracatının əsas hissəsi Gürcüstandan keçməklə Rusiyaya daşınır və iki ölkə arasında yeganə quru əlaqə Qafqaz dağlarından keçməklə Gürcüstanı Rusiya ilə birləşdirən "Yuxarı Lars" yoludur.
Dünən saat 12.30-a olan məlumata görə, Rusiya hökumətinin saytında hava şəraitinə görə tez-tez bağlanan "Yuxarı Lars" sərhəd postunda 3231 yük maşınının gözlədiyi bildirilib. Neçə yük maşınının geri qaytarılması haqda isə məlumat verilməyib.